Məqalədə endodontiyada istifadə edilən materiallar barədə,onların yeni növlərinin əldə edilməsində və istifadəsində son vaxtlar əldə edilən uğurlar, biokeramik materialların istifadə imkanları və üstünlükləri haqqında məlumat verilmişdir. Son vaxtlara qədər epoksiqatran tərkibli silerlərin endodontiyada istifadə edilməsi qızıl standart sayılırdı. Lakin müasir dövrdə biouyğunluğa malik olan materiallara daha böyük diqqət yetirilir. Adi silerlərdən fərqli olaraq biokeramik silerlər böyük üstünlüklərə, endodontik müalicənin uzunmüddətli uğuru üçün vacib olan xüsusiyyətlərə malikdir və buna görə getdikcə populyarlaşırlar. 2009-cu ildən bu sahədə intensiv tədqiqatlar aparılır ki, bu da tədqiqatların sayı ilə özünü göstərir. Ədəbiyyat məlumatlarını araşdırarkən MTA (mineral trioksid aqreqat) ilə əlaqəli 1800-ə qədər tədqiqat işinə rast gəlinir. İstifadəyə hazır şəkildə istehsal edilən biokeramik silerlərə dair 50-yə yaxın tədqiqat işi vardır. Məqalədə bu tədqiqat işlərin nəticəsini ümumi şəkildə göstərilərək, biokeramik kök kanal doldurma materiallarının üstün cəhətləri haqqında məlumat verilmişdir.