Bakıda təcrübəli, işini qurmuş bir stomatoloq kimi Almaniyada Stomatologiya ilə maraqlanan bir çox həkimlərimizi tərəddüd etdiyi məqam - hər şeyi atıb getməyinə dəyər mi?! Bu yazımda sizi qarşıda gözləyənlərdən xəbərdar edəcəm ki, son qərarınızı verərkən çətinlik çəkməyəsiz.
Məqsədinizi müəyyənləşdirməlisiz - yəni həqiqətən nə istədiyinizi Karyera, İxtisaslaşmaq, Elmi iş, Sosial qayğı, uşaqlarımın gələcəyi, və s.
Özgüvən və Motivasiya problemi yaşayanlar tez ruh düşgünlüyü olanlar 2 dəfə düşünsünlər çünki hər şey sizdən yana olduğu məqamlarda belə özünüzü çətinliklərin ortasında tapa bilərsiz.
Maddiyyat - bəlkə də bunu lap başda yazmalı idim amma pul olub yuxarıdakılar olmasa da yarı yolda qala bilirsiz. Pul sizə ölkədən çıxış qarantınız rolunu oynamaqla bərabər bütün prosedurlarda yəni sənədlərin tərcüməsindən tutmuş, dövlət və imtahan rüsumları, sığorta və yaşayış xərcləri kimi məqamlarda sizə başda kapital gərəkəcək ki onu da qarşılamaqda çətinliyiniz olmamalıdır. Nə qədər pul?! - 7000-12.000 EUR bu rəqəm individualdır az da ola bilər çox da. Bu sizin xərcləriniz qazanc əldə edənə kimi keçəcəyiniz yolda nə qədər ləngimələr və problemlərlə rastlaşacağınızdan da asılıdır.
Qeyd: Bu yola son ümid yeri olan nəyisə satıb çıxmağı kimsəyə məsləhət görmürəm!
İmtahanlara hazırlıq istər Alman dili istərsə də FSP, Approbation imtahan tam məsuliyyət tələb edir. Tənbəllik kimi probleminiz varsa, 30 yaşın üstündəyəm başıma heçnə girmir kimi deyənlərdənsizsə, yola vermək və ya test əzbərləmək kimi variantlar bu yolda keçərsizdir.
Ölkədən kənarda qalmaq bəzi insanlara sıxıcı və darıxdırıcı gələ bilir - bu cür çox tanışlarım var 3 aydan bir bilet alıb Bakıya uçurlar. Bu tip insansızsa, nə özünüzə nə də cibinizə əziyyət etməyin məncə.
"Gedim Rezidentura keçim qayıdım Bakıda işləyim" - Bunu etmiş hələ heç kimi tanımıram. Çünki təəssüf ki Bakıda öz klinikanızı açmaq kimi niyyətiniz yoxdursa, Alman standartlarında işləmiş və ixtisaslaşmış birinin hansısa klinikada "kreslo kirayələməklə" kiminsə əlinin altında işləyəcəyi mənim üçün sadəlöhvcə gəlir.
Bakıda xəstə kütləniz varsa, sosial durumunuz yaxşıdırsa, bu yola daha yaxşı qazanmaq üçün çıxırsızsa diqqətli olun çünki bizim ixtisas üzrə Almaniyada karyeranın başında qazancınız yalnız sizin ehtiyaclarınızı ödəyəcək qədər olacaq. (Maaşla əlaqədar bura bax)
Ailəsini də götürüb birlikdə bu yola çıxmaq istəyənlərdənsizsə, sizi böyük bürokratik çətinliklər gözləyəcəyini unutmayın. Ailəli olub bu yola tək çıxıb sonra ailənizi yanınıza apara bilərsiz.
Haradan başlayacağımı bilmirəm - Pulumu verim FİRMA işimi həll etsin. Müalicə işi fakültə məzunlarından fərqli olaraq bizdə hər şey göründüyü qədər sadə deyil. Onsuz da Bakıda yerləşən bir çox firmalar stomatoloqlara çox da ümidverici sözlər demirlər. Əgər aralarında sizi əmin etməyə çalışanlar varsa diqqətli olun! Pulunuzun tamamını və ya bir qismini itirmə riskiniz var.
Ona görə bu yolda tək olduğunuzu unutmayın, köməyini əsirgəməyən təcrübəli kolleqalardan nəsə soruşmaqdan çəkinməyin hamı soruşa-soruşa bir yerə gəlib çıxır. (Bütün mərhələlərə burada bax)
Bakıda işinizi qurmusuzsa kursa qane olanlardansızsa, Alman dilini öyrənməklə (B1-B2) istədiyiniz sahə üzrə (implantologiya, ortodontiya, Paro, Estetik Stom və s.) diplom tanıtmadan bürokratiya ilə əziyyət çəkmədən qısa müddətli Hand-On kurslara qatıla bilər və geri qayıda bilərsiz. Beynəlxalq serifikatlar da verilir.
Ümumi olaraq Almaniyada tam olaraq işinizin başına keçməyiniz üçün əlavə problem çıxmazsa, sizə minimum 3 il lazımdır bura sənədləşmə, imtahanlarınız, sistemə uyğunlaşmağınız daxildir. Bu illəri nəzərə alaraq müəyyən qədər maddi gözləntilər olmadan yola çıxmağa, indiyə qədər qurduqlarınızı geridə buraxmağa hazır olub olmadığınızı özünüzdə müəyyənləşdirin.
Yaşayış və ixtisasla bağlı standartlar hətta xəstə kütləsi əlbəttə Bakıdakından daha keyfiyyətli və proffessional təşkil olunduğu üçün geri qayıdıb adabtasiya olmaya bilərsiz.
8-10 il üzəri rəsmi təcrübəm var bunun mənə heç bir köməyi yoxdur?! - Əlbəttə var və imtahansız diplomunuzu təstiq etmək şansınız var. Bu isə sizin ən böyük üstünlüyünüzdür.
- Necə?! Bununla bağlı da yazım olacaq...